Saturday, February 19, 2005

İMADƏDDİN NƏSİMİ

Azərbaycan və bütövlükdə Şərq dünyasının dahi mütəfəkkir və şairi Seyid Əli İmadəddin Nəsimi 1370-ci ildə dünyaya gəlib. Doğum yeri Şirvandır. Bə'zi tədqiqatçılar onun Bakıdan olduğunu iddia edir, bə'ziləri isə Nəsiminin doğum yeri kimi Şirvanşahların paytaxtı Şama-xını göstərirlər.

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da vardı. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilir. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar da az deyildi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar -üş-şəfa Tibb Akademiyası da fəaliyyət gəstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını gözəl mənimsəmiş, müsəlman və xristian ilahiyyatının əsaslarına bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gəzəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölgələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.

Nəsimi dilin zənginliklərindən qəzallərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur:
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım...
Diləfruzum, vəfadarım, cikərsuzum, cəfakarım,
Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım.

Nəsimi Azərbaycan tarixinin ən ağır dövrlərində yaşayıb-yaratmışdır. Şairin vətəni cənubdan Əmir Teymurun, şimaldan isə monqol, Qızıl Orda xanı Toxtamışın qoşunları tərəfindən təcavüzə mə'ruz qalmışdı. Məhz bu şəraitdə XIV əsrin səksəninci illərində Azərbaycanda yeni dini-fəlsəfi tə'lim olan hürufilik yaranıb intişar tapmağa başlayır. İmadəddin Nəsimi həmin tə'limin ən parlaq və görkəmli təbliğatçılarından birinə çevrilir.

Hürufilik ərəb dilindəki "hüruf" (hərflər) sözündəndir. Bu tə'limin ardıcılları ərəb və fars əlifbalarındakı 28 və 32 hərfi ilahiləşdirir və təsdiq edirdilər gi, bunlar olmadan nə allahı, nə insanı, nə də əşyaları dərg etməg mümkün deyil. Əslində isə hürufizmin fəlsəfi və sosial məzmunu olduqca geniş və əhəmiyyətlidir.

Hürufiliyin banisi böyük Azərbaycan şairi və filosofu Fəzlüllah (Fəzl) Nəimi Təbrizi idi. Orta əsr müəlliflərinin əgsər qismi belə bir yekdil fikir söyləyirlər ki, Fəzl özünün bu tə'liminin əsasını təqribən 1386-cı ildə Azərbaycanın paytaxtı Təbrizdə qoyub. Nəiminin həyatında hürufi hərəkatının mərkəzinə çevirdiyi Bakı şəhəri mühüm yer tutur. Onun əsas əsərləri, o cümlədən "Cavidannamə" ("Əbədiyyət haqda kitab"), "Cavidan-e Kəbir" ("Böyük əbədiyyət"), "Vəsiyyətnamə" kitabları Azərbaycanda, Bakıda yazılmışdı. Bunlardan başqa onun "Məhəbbətnamə", "Ərşnamə" ("Taxt haqqında kitab"), "İskəndərnamə" adlı əsərləri də olub. Nəimi burada öz tə'limini sür'ətlə təbliğ edir və çox keçmədən bu cərəyan bütün Azərbaycana, buradan da Yaxın Şərqin və Orta Asiyanın ölgələrinə yayılır. Nəimi hətta Teymuru da öz tərəfinə çəkmək istəyir, lakin tezliklə Teymur onu həbs edir və 1394-cü ildə Naxçıvan yaxınlığındakı Əlincə qalasında e'dam edirlər. Onun qəbri də oradadır. Lakin Fəzlüllah ömrünün sonunu irəlicədən görə bilmişdi və onun e'dam ərəfəsində yazdığı "Vəsiyyətnamə" əsəri həmfigirləri tərəfindən gələcək mübarizənin proqramı kimi qəbul edilir.

Nəiminin göstərişlərinə əməl edən hürufilər doğma yerləri tərk edərək, bütün Şərq ölkələrinə səpələnir və böyük mürşidin tə'limini yayırdılar. Nəsimi də Türkiyə, Suriya, Misir və başqa ərəb elkələrində olub hürufi ideyalarını təbliğ edirdi. Onun əsərlərindən mə'lum olur ki, şair Bakı, Bağdad, Bursa, Şamaxı, Hələb və başqa şəhərlərə səyahət etmişdir. Türkiyənin Bursa şəhərində o, Nizaminin "Xosrov və Şirin" poemasının ilk tərcüməçisi, Şeyxi təxəllüsü ilə tanınan şairlə, məşhur Bəktaşiyyə dərviş təriqətinin yaradıcısı və rəhbəri Hacı Bəktaş Vəli ilə yaxınlaşır. Nəsimi Anadolu əhalisi arasında böyük rəğbət və sevgi qazanır.

Yaxın şərq ölgələrinə səfərləri zamanı şair təq'iblərə, təzyiqlərə və hətta "aylarla qaranlıq zindanlarda əl-qolu qandallanmış halda" saxlanmaqla həbslərədə mə'ruz qalır. Ancaq bütün bunlar onu öz yolundan döndərmir. Filosof şairin alovlu şe'rləri geniş yayılır, bunların üzünü köçürərək əzbərləyir, bazar meydanlarında avazla oxuyurdular. Geniş yayılmış rəvayətə görə, şairin Suriyanın Hələb şəhərində e'dam olunmasına da elə məhz belə şeylər səbəb olmuşdur.

Deyirlər ki, şairin tələbələrindən olan bir gənc hürufi ustadın şe'rlərini başına yığılmış camaata oxuyurmuş. Onu tuturlar və Nəsimini xilas etmək naminə gənc şe'rləri özünün yazdığını bildirir. Onu dar ağacından asılmaqla e'dam cəzasına layiq görürlər. Bu zaman Nəsimi bazarda, yaxınlıqdakı pinəçi dükanında başmağını tikdirirmiş. Xəbər ona çatanda şair e'dam yerinə tələsir və özünü ələ verir. Onu əziyyətlə e'dam edirlər.

"Künüz-üz-zəhəb" adlı ərəb mənbəyində Nəsiminin 1447-ci ilə təsadüf edən e'damı barədə aşaqıdakılar bildirilir: "Kafir Əli Nəsimi Yaşbəyin zamanında e'dam olundu. O vaxt bizim şeyx ibn xətib ən-Nasiri və ali qazi şeyx İzəddin Şəmsəddin ibn Əmin-üd-Dövlənin, ali qazi Fəthəddin əl-Maliki və ali qazi Şihabəddin əl-Hənbəlinin iştirakı ilə Əli əl-Nəsiminin işinə "Darül-ədl"də ("Ədliyyə sarayı"nda) baxıldı. O, bə'zi ağılsızları həqiqət yolundan sapdırmış və onlar da allahsızlıq və küfrdə onun tə'sirinə düşmüşdülər. Bu barədə şəhərin qazi və ilahiyyat xadimlərinə ibn əl-Şanqaş Əlxanədan adlı birisi mə'lumat vermişdi. Hakim ona dedi: "Əgər sən Nəsimi haqda söylədiklərini təsdiq eləyə bilsən, mən səni öldürmərəm." Nəsimi kəlmeyi-şəhadətini söyləyib (bu, həm də yalnız həqiqəti söyləyəcəyinə and içmək mə'nasına gəlir), öz haqqında deyilənləri təkzib etdi. Bu vaxt şeyx Şihabəddin ibn Hilal içəri girdi. O, məclisdə özünün fəxri yerini tutandan sonra sözə başladı: "Nəsimi allahsızdır və hətta tövbə etsə belə e'dam olunmalıdır. Niyə e'dam etmirsiniz?"' Əl-Maliki ondan soruşdu: "Sən fitvanı öz dəst-xəttinlə yazarsanmı?" Şeyx "yazaram"-dedi və fitvanı imzaladı. Ancaq o biri hakimlər onunla razılaşmadılar. Əl-Maliki dedi: "Qazi və ruhanilər səninlə razılaşmırlar. Mən sənin fitvan əsasında bu insanı necə e'dam eləyə bilərəm?" Yaşbəy dedi: "Mən onu tanımıram. Sultan mənə göstəriş verib ki, onun işi ilə maraqlanım. Gözləyək görək sultan bu barədə nə deyir." Bununla da məclis dağılır. Nəsimi zindanda qalır. Onun işi barədə sultan Müəyyədə xəbər çatır. O əmr verir ki, Nəsiminin dərisini soyub, cəsədini başqalarına da ibrət dərsi olmaqdan ötrü yeddi gün Hələbdə göz dağı eləsinlər, sonra qollarını və qıçlarını vurub Nəsiminin yoldan çıxardığı Əlibəy ibn Zülqədərə, onun qardaşı Nəsrəddinə və Osman Qarayoluğa göndərsinlər. Belə də edirlər. Bu adam kafir və gavur idi. Allah günahımdan keçsin, deyirlər, o həm də zərif şe'rlər yazırmış."

Dəhşətli e'dam vaxtı Nəsiminin göstərdiyi dözüm və mərdlik xalq arasında bir çox rəvayətlər doğurmuşdur. Deyilənlərə görə, son nəfəsinə qədər öz sözündən dönməmiş və "Ənəlhəq" ("Mənəm həqq, Mənəm allah") deməkdən çəkinməmişdir. Hətta bu vəziyyətində belə özündə kütbeyin cəlladları sancmaqdan ötrü güc tapmışdı. E"damda iştirak eləyən müsəlman ruhanilərindən biri deyib: "Bu adam iblisdən də pisdir, onun qanından hara bir damla düşsə, odda yandırılmalı, qılıncla kəsilib atılmalıdır". Və elə həmin an allahdan olan kimi şairin isti qanından bir damcı onun barmağına düşür. Bunu görən kütlə müftinin barmağının kəsilməsini tələb edir. O isə işi belə görəndə canını qurtarmaqdan ötrü Qur'ana istinad edir: "Mən bu sözü yandığımdan dedim, Qur'anda belə şey yoxdur." Bu sözü eşidən Nəsimi sonralar zərb-məsələ çevrilmiş məşhur beytini söyləyir:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar
Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz.

Başqa bir rəvayətə görə, Nəsiminin növbəti "Ənəlhəq" nidasından sonra ondan soruşurlar: "Sən necə allahsan ki, saralırsan?" Şair bu sözün də altında qalmır: "Qafil, -deyir-sənin ağlın gəsmir ki, mən əbədiyyət səmasında doğan günəşəm. Günəş isə qürub edəndə rəngi saralır."

Nəsimi hələbdə ailə qəbristanlığında dəfn olunmuşdur. Onun məzarı indiyə qədər müqəddəs sayılır. Buraya ziyarətə gələnlərə fəxri "Nəsimi" adı verilir.

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə, İran və Ermənistan xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri -adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.

Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklik-də əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı tə'limin eynilə təkrarı deyil."

Nəsimi yaradıcılığının ana xətti insanın allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə eləyən məşhur şe'r də fikrimizi sübut edir:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam.
Ərş ilə fərşü kafü nun məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zatınadır bidayətim,
Sən bu nişan ilə məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanü zənnilə olmadı həqqilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
Surətə baxü mə'niyi surət içində tanı kim,
Cismilə cin mənəm, vəli, cismilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həqirü sirat əsənciyəm,
Bunca qumaşü rəxtilə mən bu dükana sığmazam.
Gənci nihan mənəm, mən, uş, eyni-əyan mənəm, mən uş
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kanə sığmazam.

Böyük şair və əzabkeş haqqında bu kiçik söhbətimizi xalq yazıçısı Mirzə İbrahimovun sözləri ilə bitirmək istərdik: "Həqiqətən böyük bir sənətkar kimi, Nəsimi yalnız öz doğma ədəbiyyatının deyil, həm də Yaxın Şərqin digər xalqlarının da söz sənətindəki ən yaxşı ən'ənələri mənimsəyərək, keyfiyyətcə yeni poeziya nümunələri yaratmağa nail olmuşdur. Onun böyüklüyü bir də orasındadır ki, Nəsimi poetik sözü bir tərəfdən sosial və fəlsəfi mündəricə ilə, digər bir tərəfdən isə yeni ifadə vasitələri ilə zənginləşdirmişdir. Onun poeziyası insanı tərənnüm edir, insana himn kimi səslənir. Şair böyük bədii sözün ali qüdrəti ilə insanın qiymətini qaldırmış, onun duyğu və düşüncə azadlığını müdafiə etmişdir." Şair təbiətin şah əsəri olan ali varlığı-insanı tərənnüm et-diyi üçündür ki, həmin ali insanın obrazı da oxucuların yaddaşına Azərbaycanın dahi oğlu Nəsiminin timsalında həkk olunur.

0 Comments:

Post a Comment

<< Home